logo

MÖMİNLƏRİN


Canlıların ehtiyacı olan təmizlik


Hər bir insanın sağlam yaşamaq üçün ən vacib ehtiyaclarından biri şəxsi təmizlikdir. Təmizlik digər canlılar üçün də çox əhəmiyyətlidir.

Təbiətdəki canlılardan fərqli olaraq insanlar düşünmək, hadisələr qarşısında tədbir almaq, qavramaq qabiliyyətlərinə sahibdirlər. Digər canlıların plan qurmaq, əvvəlcədən qərar vermək, düşünmək kimi qabiliyyətləri yoxdur.Tədqiqatlar nəticəsində təbiətdəki canlıların möcüzəvi xüsusiyyətlərə sahib olduqları aydın olmuşdur. Təmizlik üçün sərf etdikləri zaman və cəhdləri bunlardan biridir.

Ətraf çox çirkli olsa da, təmiz görünən canlılar insanlardan fərqli olaraq heç bir təmizlik vasitələrindən istifadə etmirlər. Bəs fiziki təmizliyə və tərtəmiz görünüşə necə nail olurlar?

Bütün canlıların həm fiziki xüsusiyyətlərinə, həm də yaşadıqları mühitə uyğun təmizlik vərdişləri var.

İstifadə etdiklərindən asılı olmayaraq, yer üzündə yaradıldıqları andan bütün canlılar özlərinə qulluq edərkən və bədənlərini təmizləyərkən sonsuz ağıl sahibi Allahın onlara ilham etdiyi əmrləri yerinə yetirirlər.

Quşların təmizlik üsulları

Bəzi həşərat və qarışqalarda antibiotik maddə ifraz edən vəzilər mövcuddur. Bakteriya və göbələyin əmələ gəlməsinin qarşısını almaq üçün bu maddəni bədənlərinə və yuvalarına yayırlar. Qarışqalardan fərqli olaraq quşlar kimyəvi maddələr ifraz etmirlər. Buna görə də bəzi quş növləri təmizlənmək üçün qarışqalardan istifadə edirlər. Tez-tez qarışqa yuvalarının təpəsinə qonaraq bu yerlərə sürtünür, qarışqaların tüklərinin arasında gəzmələrinə icazə verirlər. Nəticədə bədənləri qarışqa turşusuna bulanan quşlar bütün parazitlərindən xilas ola bilirlər.

Quşlar tüklərini təmizləmək və səliqəyə salmaq üçün dimdiklərindən də istifadə edirlər.Təmizliklə yanaşı, bədənlərinin isti qalması və uçmaq üçün lazımi formada olması üçün dimdikləri ilə tüklərini düzəldirlər. Dimdiklərini quyruq hissədə yerləşən xüsusi yağ vəzilərinə vururlar.Tüklərini daramaq və sudan qorunmaq üçün yağa bulaşmış dimdikləri ilə tüklərini “darayırlar”. Utah Universitetinin bioloqu Dale Klayton quşların dimdikləri ilə etdikləri təmizliyin əhəmiyyətinə toxunaraq demişdir: “Əgər quşların parazitləri təmizləyən dimdikləri olmasaydı, parazitlər sürətlə çoxalar və quşlar ölərdilər. Məsələn, qışın sərt keçdiyi yerlərdə göyərçinlər tüklərini təmizləyir və nəticədə parazitlərlərdən xilas ola bilmədikləri üçün 1 il ərzində ölürlər.”

Quşlar təmizlik və özlərinə qulluqda bu üsullarla kifayətlənmirlər. Bəziləri bədəninə su səpərək, bəziləri də tüklərini quma sürtərək təmizlənirlər. Məsələn, tənəkquşu ilk baxışda suda oynayırmış kimi görünsə də, əslində başını yelləyərək suyu sıçradır, tüklərini qabardaraq yuyunur.

Azca çirklilik belə quşların aerodinamik xüsusiyyətlərini itirmələrinə səbəb olur. Buna görə quşlar dimdikləri ilə tüklərini bir-bir təmizləməyə məcburdurlar.

Vağ və tutuquşunun fərqli üsulları

Digər quşlardan fərqli olaraq tutuquşu və vağ quşunun quyruğunda yağ vəzisi yoxdur. Qanadlarını təmizləmək üçün köhnəlmiş qanadlarının uclarından bir növ toz çıxardırlar. Göyərçin və tutquşularda toz tüklərin arasında olur. Bəzilərində, xüsusilə vağ quşunda isə tozlar kiçik topalar formasında olur. Toz təmizlikdən əlavə qanadların su keçirməməsi üçün də əhəmiyyətlidir. Yuma, tozlama və torpaqlama ilə tüklər uçuşa hazır vəziyyətə gətirilir. Vağ quşlarının və tutuquşuların istifadə etdiyi bu üsul Rəbbimizin bənzərsiz yaradılışının bir nümunəsidir.

Təmizliyin pişiklər üçün əhəmiyyəti

Pişiklər bədənlərini dilləri ilə təmizləyirlər. Nahamar səthi olan dilləri vasitəsilə tüklərin üzərindəki yad cisimləri təmizləyirlər.

Pişiklərin insan kimi tər vəziləri yoxdur, ona görə də bədənlərinin soyuması üçün təmizlənməyə ehtiyac duyurlar. Təmizləndikdən sonra buxarlanma nəticəsində soyuma təsiri yaranır.

Kürk təmizləndikdə daha yumşaq olur və soyuqdan daha yaxşı qoruyur. Bürüşmüş kürklər isə soyuq havalarda pişiklərin isinməsinə mane olur.

Pişiklərin tükləri günəşlə təmasda olduqda D vitamini ifraz edir və təmizləndiyi vaxt həmin vitamin dili vasitəsilə bədəninə daxil olur.

Təmizlik pişiyin kürkünü sukeçirməz edir. Dilinin tükləri üzərindəki hərəkəti dərialtı vəzilərinin xüsusi maddə ifraz etməsinə səbəb olur. Bu maddə pişiyi quru saxlayır.

Sualtı dünyada təmizlik

Suda yaşayan və sudan heç vaxt çıxmayan canlıların da təmizliyə ehtiyac duymaları çox təəccübləndirici olsa da, təmizlik suatlı dünya üçün də vacibdir.

Hətta balıqlar da üzərlərindəki parazitlərdən qorunmalıdırlar. Parazitlər balıqların dərisində, pulcuqlarının arasında və ağızlarının içində yaşayırlar. Bu parazitlər təmizlənməsə balıqların ölməsinə səbəb olur.

Bəzi balıq növlərinin özlərini təmizləmə sistemi olmadığından başqa canlılar tərəfindən təmizlənməyə ehtiyac duyurlar. Təmizlənmək üçün balıq və krevet növlərinin yaşadığı mərcan qayalıqlarına gedir, bir tərəfdən qidalanır, digər tərəfdən isə təmizlənirlər və zərərli bakteriyalardan xilas olurlar.

Zibilyığan balığı

Zibilyığan adlandırılan kiçik balıqlar digər balıqların üzərindəki parazitləri yeməklə qidalanırlar. Parıltılı, qara-mavi zolaqlı bədənləri olan və ziqzaq formada rəqs edən bu balıqlar böyük balıqların ağzına girərək dişlərini də təmizləyirlər. (Jill Bailey, Mimicry and Camouflage, səh.32)

Təmizləyici krevetlər

Okeanda yaşayan balıqları təmizləmək təmizləyici krevetlərin vəzifəsidir. Krevetin bir çox növü vardır. Şəkildə gördüyünüz krevetin qırmızı və ağ zolaqları dəniz fənəri funksiyasını yerinə yetirərək təmizlənməyə ehtiyacı olan balığın kreveti tapmasına kömək edir. Ağ rəngli iki uzun antenası olan krevet balığın üzərinə yerləşərək səbirlə dərisinin və ya yarasının üzərindəki və ağzının içindəki parazitlərin yeyilməsini gözləyir. Bu təmizlik qrupu balığın tamamilə təmizləndiyindən əmin olana qədər davam edir. (Ranger Rick, dekabr 1990, səh.5)

Dəniz tısbağası və mərcan

Mərcan balıqlarının əksəriyyəti qayaların üzərindəki su yosunları ilə qidalanırlar. Bu balıqların tək qidası su yosunları deyil, bəziləri dəniz tısbağalarının qabıqlarına yapışmış göbələkləri də yeyirlər. Dəniz tısbağaları bu balıqların yanına gələrək sanki sözləşmiş kimi balıqların yaşadığı bölgəyə yaxın bir yerdə dayanaraq balıqların gəlməsini gözləyirlər. Beləliklə, özlərinin etmədiyi təmizliyi mərcan balıqlarına etdirirlər.

Təmizləyici balıqlar

Təmizləyici balıqların kürək üzgəcləri sormac kimidir. Bu balıqların ən məşhuru oxyjulus californica, digər adı ilə senyoritadır. Bəzən balıqların dişləri, bəzən də sormaca bənzər üzgəcləri ilə qəlsəmələrini təmizləyərək qidalanırlar. (Elm və Texniki Jurnalı, 237 ədəd, Avqust 1987, səh. 3)

Havayda yaşayan sarı rəngli yosun balığı ilə qızılı halqalı cərrah balıqları yaşıl tısbağaların üzərindəki yosunlarla qidalanırlar. Şəkildə gördüyünüz tısbağanın alt hissəsindəki ölü və köhnəlmiş dəriləri yeyən isə yalnız Havayda yaşayan çırçır balığıdır.

Bütün kainatı əhatə edən yaradılış həqiqəti

Heç bir şüuru, ağlı, qərarvermə, mühakimə bacarığı olmayan canlıların təmizlik və özünə qulluq üçün nümayiş etdirdikləri davranışlar və bir-birilərinin təmizliyi üçün etdikləri fədakarlıqlar bir həqiqəti göstərir: Bu və təbiətdəki digər canlılar yaradıldıqları andan etibarən uca Allahın onlara ilhamı ilə hərəkət edir, Onun əmri və göstərişi ilə yaşayıb, nəsillərini davam etdirirlər. Uca Rəbbimizin əvəzsiz yaratması və elmi Quranda belə bildirilir:

“Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.” (Talaq surəsi, 12)

Qısa-qısa...

8- 10 işçi arı sutka ərzində yer dəyişdirirərək ana arını təmizləyirlər. Nəticədə ana arının koloniyanı bir yerdə saxlayan ifrazatları işçi arıların üzərinə bulaşır. Onlar da digər işçi arılara da bulaşdırırlar və 50 min işçi arıdan ibarət koloniyada həm təmizlik, həm də xəbərləşmə təmin edilir.

Bütün qurbağaların iri gözləri və göz qapaqları olur. Bu həyati orqanlarını qorumaq və təmizləmək üçün bir çox növlərin gözlərində yağlayan və təmizləyən xüsusi pərdə vardır.

Göz yaşı və göz qapağı olmayan milçəklər yemək tapmaq və düşmənlərindən qorunmaq üçün ehtiyac duyduqları gözlərinə xüsusi qulluq edirlər. Məsələn, at milçəkləri ön ayaqlarındakı sərt tüklər vasitəsilə gözlərini təmizləyirlər.